RABİTƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Aprelin 24-də Rabitə Nazirliyində Milli Məclisin bir qrup deputatı ilə görüş keçirilmişdir.
Rabitə naziri Nadir Əhmədov görüşü açaraq, son illər ərzində rabitə sahəsində görülən işlərdən danışdı, Prezident Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə müasir standartlara cavab verən rabitə sisteminin yaradıldığını bildirdi. O dedi ki, hazırda rabitə xidmətinin keyfiyyəti əvvəlki illərə nisbətən xeyli yüksəlmiş, rabitə müəssisələrinin rentabelliyi artmış, respublikamızın bütün ərazisi telefonlaşdırılmış, geniş internet şəbəkəsi yaradılmışdır.
Nazirliyin texnologiya şöbəsinin nümayəndələri ölkənin rabitə sisteminin inkişafına dair konkret faktlarla, videokadrlar vasitəsilə ətraflı məlumat verdilər.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, habelə parlamentin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov və digər deputatlar görüşdə çıxış edərək, belə tədbirlərin əhəmityyətli olduğunu bildirdilər. Onlar rabitə sahəsində görülən işləri müsbət qiymətləndirdilər, bu sahədəki nailiyyətlərin məhz Azərbaycan Prezidentinin gərgin əməyinin, respublikamızda yaratdığı ictimai-siyasi sabitliyin, onun rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olduğunu vurğuladılar.
Deputatlar seçildikləri ərazilərdə rabitə sisteminin fəaliyyətinin, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin xeyli yaxşılaşdığını bildirməklə yanaşı, bəzi problemlər barədə də fikir və təkliflərini söylədilər.
Nazir N.Əhmədov görüşə yekun vuraraq, deputatlara minnətdarlığını bildirdi, onların qaldırdıqları bəzi problemlərin tezliklə həlli üçün tədbirlər görüləcəyini söylədi.
Deputatlara Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə buraxılmış, üzərində Prezident Heydər Əliyevin şəkli olan markalar və digər xatirə hədiyyələri təqdim edildi.