Rabitə vasitələrinin satışı üzrə informasiya sistemi istismara verilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Rabitə vasitələrinin satışının müvafiq qərara uyğun olaraq təşkili üçün hazırlanmış informasiya sistemi sabit operatorların istismarına verilib.
İnformasiya sistemi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanıb və xidmət "Elektron hökumət" portalı üzərindən həyata keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, bu sistem yeni telefon çəkilişi zamanı ərizəçinin məlumatlarının sistemə düzgün işlənilməsini tam təmin edəcək. Bununla bağlı olaraq, sistem vasitəsilə istər vətəndaşlar, istərsə də hüquqi və fiziki şəxslər üçün telefon çəkilişi prosesi bütünlüklə elektronlaşdırılıb. İlkin olaraq sistemə işlənəcək abunəçi məlumatları İAMAS məlumat sistemi üzrə avtomatik formalaşdırılacaq. Əl ilə qeyd olunması nəzərdə tutulmuş digər məlumatların tam məzmunlu işlənilməsi üçün də şərait yaradılıb. Sistem vasitəsilə abunəçi müqaviləsindən tutmuş aktivləşdiriləcək servislərə qədər bütün detallar tam elektronlaşdırılıb. Proses başa çatdıqdan sonra nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslər sistemləşdiriləcək və mövcud qüsurlar aradan qaldırılacaq.