RABİTƏÇİLƏR DOQQUZ AYIN YEKUNLARINI MÜZAKİRƏ ETDİLƏR
Nazir Nadir Əhmədov çıxış edərək, oktyabrın 15-də keçirilmiş prezident seçkilərində rabitəçilərin fəal iştirak etdiklərini vurğulamışdır. O, cari ilin doqquz ayında qarşıya qoyulmuş iqtisadi-texniki göstəricilərin yerinə yetirilməsində müəyyən nailiyyətlərin əldə olunduğunu bildirmişdir.
Doqquz ayda tarif proqnozu 114,9 faiz, əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 110,2 faiz, əsas telefon aparatları sayının artım proqnozu 104,1 faiz yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə, bu ilin doqquz ayında tarif gəlirlərin 32,9 milyard manat, əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi isə 11,7 milyard manat artmış, nazirlik dövlət büdcəsinə 70,9 milyard manat, sosial müdafiə ödəmələrinə 15,6 milyard manat vəsait köçürmüşdür. Hesabat dövründə 50414 nömrə tutumuna malik yeni ATS-lər istifadəyə verilməsi nəticəsində respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 44,8 faizə çatdırılmışdır.
Daha sonra kollegiyada ayrı-ayrı rabitə müəssisələrində görülən işlər təhlil olunmuş, qazanılmış uğurlarla yanaşı, nöqsanlardan və həll edilməli problemlərdən də danışılmışdır.
Kollegiyaya yekun vuran nazir, 2003-cü ili daha yüksək nailiyyətlərlə başa vurmaq üçün dördüncü rübün göstəricilərinin yerinə yetirilməsinin və insan amilini ön plana çəkilməsinin vacibliyini vurğulamışdır. O, ucqar yaşayış məntəqələrində telefon rabitəsinin keyfiyyətsiz işləməsindən narazılığını bildirmişdir. Baş nazir İlham Əliyevin əhalinin şikayətlərinə baxılması ilə bağlı söylədiyi fikirlərin rabitə sahəsinə aid olduğunu xüsusi vurğulayan nazir nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməsi barədə tapşırıqlar vermişdir.