RABİTƏÇİLƏR ZAMANLA AYAQLAŞIRLAR
Artıq neçə aydır ki, paytaxtımızın Səbail, Nərimanov və Nəsimi rayonlarının bir çox sakinləri “Azərpoçt” dövlət müəssisəsi Səbail filialının xidmətlərindən tam şəkildə istifadə edirlər. Bu, filialın bir neçə ay əvvəl Mənzil-Kommunal Təsərrüfati İdarəsi, Abşeron Regional Səhmdar Su Şirkəti, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti və “Barmek- Azərbaycan MMC” ilə baş saziş bağlaması sayəsində mümkün olmuşdur. İndi həmin rayonların sakinləri qaz, su, işıq üçün kommunal xidmətləri ödəməkdən ötrü bu təşkilatların rayon filiallarına getməyə ehtiyac duymurlar. Bu işi onların əvəzinə “Azərpoçt”un Səbail filialının əməkdaşları yerinə yetirirlər. İşçilər ayda bir dəfə vətəndaşların mənzillərinə gedərək bütün xidmətlərin haqqını toplayırlar.
Bu, filialın fəaliyyətində yeganə yenilik deyildir. Cari ilin əvvəlindən burada fəaliyyət göstərən kuryer poçtunun əməkdaşları məktubları, kiçik ölçülü bağlamaları və ya gül dəstələrini bir saat ərzində sahibinə çatdırırlar.
Qəbul edilən və ünvanlara çatdirilan bağlama və banderolların da sayı artmışdır. Filialın rəisi Arif Kərimov AZƏRTAC-ın müxbirinə demişdir ki, əgər 2001-ci ildə müştərilərdən 560 bağlama qəbul edib ünvanlara çatdırmışdısa, cari ilin 8 ayında bu göstərici 7 mini keçmişdir.
Lakin son nailiyyət - videotelefon qoyulması xüsusilə xoş təsir bağışlayır. Bakının hər bir sakini bu qurğu vasitəsilə Gəncəyə zənc vurub danışa və müsahibini kompüterin ekranında görə bilər. Yaxın vaxtlarda Naxçıvanda, Lənkəranda və ölkəmizin bir çox digər rayonlarında da belə videotelefonlar qoymaq nəzərdə tutulur.
Sevindirici haldır ki, bu müsbət təcrübə ilə MDB ölkələrində də maraqlanmışlar. Bu yaxınlarda özbəkistanlı rabitəçilər azərbaycanlı həmkarlarının qonağı olmuşlar, sentyabrda isə Baltikyanı ölkələrin rabitə işçilərinin səfəri gözlənilir.