Ramil Ələkbərov: “Nəsil yaddaşı” ilə tarixi həqiqətləri geniş auditoriyaya çatdırırıq
Bakı, 5 avqust, AZƏRTAC
“Kinobiz Film” şirkətinin istehsalı olan “Nəsil yaddaşı” sənədli filmi 2025-ci ildə ərsəyə gəlib. Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadədir. Ekran əsəri onun layihəsi əsasında hazırlanıb. Film yaxın tariximizin qaranlıq səhifələrindən birini əks etdirir. 1918-ci ildə İsmayıllı rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımından bəhs edən ekran əsərində həmin hadisələr nəsil yaddaşı vasitəsilə tamaşaçılara təqdim olunur.
Bunu AZƏRTAC-a açıqlamasında “Nəsil yaddaşı” sənədli filminin prodüseri Ramil Ələkbərov deyib.
O bildirib ki, film müxtəlif beynəlxalq festivallara təqdim olunub: “Festivallar Azərbaycan kinosu, xüsusilə sənədli filmlər üçün mühüm platformadır. Çünki bu vasitə ilə rejissorun çatdırmaq istədiyi fikir və həqiqətlər daha geniş auditoriyalara təqdim edilir”.


Prodüser qeyd edib ki, “Nəsil yaddaşı” filmi Uruqvay, Ekvador, İtaliya, Pakistan və digər ölkələrdə nümayiş olunub: “Filmin beynəlxalq arenada qəbul olunması yaradıcı heyət üçün böyük əhəmiyyət daşıyır. Bizim üçün böyük qürurdur ki, çatdırmaq istədiyimiz həqiqətlər və filmə yanaşmamız beynəlxalq festivallar tərəfindən qəbul olunub. Film bir çox festivalın müsabiqə proqramında iştirak edib, finalist olub və müxtəlif mükafatlara layiq görülüb”.
O qeyd edib ki, “Nəsil yaddaşı” Pakistanda keçirilən iki festivalda “Ən yaxşı sənədli film” mükafatını qazanıb. Son olaraq isə Babək Abbaszadə İtaliyada keçirilən Braççiano Film Festivalında “Ən yaxşı qısametrajlı sənədli film rejissoru” nominasiyasının qalibi olub.
Müxbir – Gülay Nəzərova