CƏMİYYƏT
Rauf Zeyni: Milli QHT Forumunun qurultayı mart ayında keçiriləcək
![Rauf Zeyni: Milli QHT Forumunun qurultayı mart ayında keçiriləcək](/files/2024/1/1200x630/17048746076506341264_1200x630.jpg)
Bakı, 10 yanvar, AZƏRTAC
Milli QHT Forumunun fəaliyyətində yeni dövr başlayır. Təşkilatımız ötən 25 ildə ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesində QHT-lərin inkişafı, regionlarda bu hərəkatın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində səmərəli fəaliyyət göstərib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli QHT Forumunun Ümumrespublika Forumunda qurumun prezidenti Rauf Zeyni Söyləyib.
İctimai nəzarətin, iştirakçılığın təmin olunması, şəffaflığın artırılması və digər istiqamətlərdə görülən işlərdən danışan R.Zeyni regionlarda mütəmadi olaraq forumların keçirildiyini diqqətə çatdırııb. O, 20 illik fasilədən sonra Naxçıvanda seminarın təşkil edildiyini bildirib.
“Forumlarda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr təhlil olunur, ölkədə baş verən proseslər, bu proseslərə vətəndaş cəmiyyətinin münasibəti və digər məsələlərlə əlaqədar ictimai müzakirələr aparılır, QHT-lərin rəy və təklifləri dinlənilir”, - deyə R.Zeyni bildirib.
Azərbaycanın zəfərləri ilə reallıq yaratdığını vurğulayan R.Zeyni dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunması, ölkəmizin gələcək inkişafı istiqamətində QHT-lərin də üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.
O, Milli QHT Forumunun qurultayının mart ayında keçiriləcəyni diqqətə çatdırıb.