RAYON AĞSAQQALI RƏŞİD MUSAYEVİN ÇIXIŞI
Bu gün bütün Balakən şadlıq və sevinc içərisindədir. Bu gün balakənlilər ürəklərə və hafizələrə həkk olunacaq tarixin önəmli bir gününü yaşayırlar. Balakən torpağında, Azərbaycanın bu dilbər guşəsində Sizi salamlamağımızla fəxr edirik. Bütün balakənlilər Sizin gəlişinizə ürəkdən sevinirlər. Onlar Sizin bu səfərinizi balakənlilərə olan diqqət, qayğı və hörmətin təzahürü kimi qiymətləndirirlər.
Balakəndə 87 mindən artıq əhali yaşayır, etnik tərkibi də çox müxtəlifdir. Burada uzun əsrlər boyu azərbaycanlılar, avarlar, ingiloylar və digər xalqların nümayəndələri bir ailə kimi yaşamış, qurub-yaratmış, işləmiş, Azərbaycanın inkişafı üçün səylərini əsirgəməmişlər. Möhtərəm Prezident, balakənlilər onu da bilir və unutmurlar ki, rayonumuzun sosial- iqtisadi, mədəni inkişafı ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Balakən sosial-iqtisadi, mədəni cəhətdən daha da inkişaf etmiş bir rayona çevrilmişdir. Coşqun dağ çayları üzərində körpülərin salınması, Yevlax-Balakən dəmir yolunun istifadəyə verilməsi bilavasitə ulu öndərimizin xidmətidir, rayonumuza olan diqqət və qayğısının nəticəsidir.
Möhtərəm Prezident, balakənlilər onu da yaxşı bilirlər ki, Siz ulu öndərimizin siyasi xəttini layiqincə davam etdirirsiniz. Azərbaycanın gələcəyi haqqında onun ülvi arzularını həyata keçirmək üçün bütün qüvvə və bacarığınızı sərf edirsiniz. Möhtərəm Prezident, o da bizə yaxşı məlumdur ki, Siz memarı ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasının dünya ölkələri arasında nüfuzunun daha da möhkəmlənməsi üçün səy və bacarığınızı əsirgəmirsiniz, bütün qüvvənizlə buna çalışırsınız.
Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, balakənlilər Sizi ürəkdən sevir, Sizin cəsarətli, qətiyyətli siyasətinizi bəyənir, dəstəkləyirlər. Bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəyə çevrilməsi naminə çalışacaqlar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.
X X X
Sonra Prezident İlham Əliyev buraya toplaşan sakinlərlə səmimi görüşüb söhbət etdi, onların qayğı və problemləri ilə maraqlandı. Balakənlilər dövlətimizin başçısının siyasətindən razılıqlarını ifadə etdilər və ulu öndərin tarixi xidmətlərini xatırladaraq, bundan sonra da Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək onu daim dəstəkləyəcəklərini vurğuladılar.