Region gəncləri səsvermə hüququ ilə bağlı maariflənməyə davam edir
Bakı, 11 yanvar, AZƏRTAC
Bölgələrə səyyar avtobuslar vasitəsilə səfər edən seçki könüllüləri rayonlarda yaşayan gənclərimizi maarifləndirməyə davam edir. Yanvarın 10-da Astara, Şəki və Ordubada səfər edərək gedilən rayonların sayını 17-yə çatdıran könüllülər gənclərə, xüsusən də 18 yaşına çatmış və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ilk dəfə səsvermə hüququna sahib olan ölkə vətəndaşlarına seçki proseslərində iştirak, seçki sistemi, seçicinin hüquq və vəzifələri və fəal şəkildə səsvermə hüququndan istifadənin önəmi barədə infosessiyalar, təlimlər keçiblər.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından (AKTİ) AZƏRTAC-a bildirilib ki, rayon və kəndlərdə yaşayan ölkə gənclərini fəal şəkildə səsvermə hüququndan istifadə etməyə və fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində iştiraka çağırış ediblər.
“Səs ver, Gələcəyini qoru!” şüarı ilə rayonlara yola düşən seçki könüllüləri qurulan platformalarda region gənclərini maarifləndirməklə yanaşı, əyləncəli oyunlarda da iştirakını təmin edərək asudə vaxtın səmərəli təşkilinə də töhfə veriblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə icra edilən səyyar görüşlər ötən il dekabrın 28-dən başlayaraq Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Gəncə, Cəlilabad, Naxçıvan, Masallı, Goranboy, Şərur, Qazax və Lənkəranda təşkil olunub.