Regional müşavirədə pambıqçılıq sahələrində zərərvericilərlə mübarizənin səmərəliliyinin artırılması yolları müzakirə edilib
Ağcabədi, 4 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Ağcabədidə “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirib.
Müşavirənin keçirilməsində məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, pambıqçılığın başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, eyni zamanda, pestisidlərdən və kimyəvi dərmanlardan kortəbii istifadə zamanı bitki aləminə və ətraf mühitə vurulan ziyanın qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, Samux və Tərtər rayonlarından olan torpaq mülkiyyətçiləri və fermerlər iştirak ediblər.
“Bölgədə fitosanitar vəziyyətin təhlili və pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən, pambıq sahələrində zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, son illər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində pestisidlərdən normadan artıq və növbələşmədən istifadə edilməsi, eyni tərkibli pestisidin davamlı tətbiqi, hektara düşən məsarif normasının düzgün nizamlanmaması və sair səbəblərdən zərərli orqanizmlərdə pestisidlərə qarşı yüksək davamlılıq yaranması halları müşahidə edilir. Bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini təmin etmək və antirezident mübarizə sxemini tətbiq etmək məqsədilə fermerlər yeni nəsil preparatlardan istifadəyə üstünlük verməlidirlər. Pestisidlərin tətbiqi zamanı çiləyici aqreqatlarla işləyən mexanizatorların davamlı təlimatlandırılması, işçi məhlulun bir hektar sahəyə düzgün tətbiqi, bitkilərin vegetasiya müddətindən asılı olaraq işçi məhlulun məsarif normasının artırılması, bitki örtüyünün tamamilə pestisidlərlə isladılması kimi məsələlərin həlli vacibdir. Eyni zamanda, pestisidlərin tətbiqi zamanı hava-iqlim şəraitinin izlənilməsi, günün müəyyən vaxtlarında pestisidlərin istifadəsinin dayandırılması diqqətdə saxlanılmalıdır.
“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanov əsas diqqəti kimyəvi mübarizə zamanı texniki qaydalara əməl olunmasının vacibliyinə yönəldib. Bildirib ki, kimyəvi mübarizə tədbirləri zamanı pestisidlərin preparativ formasını nəzərə almaqla işçi məhlulun hazırlanması, çiləmənin düzgün aparılması, çiləyici aqreqatların nizamlanması, kimyəvi mübarizə tədbirləri zamanı işlək məhlulun hazırlanması üçün istifadə olunan suyun tərkibinin (PH mühitinin) tənzimlənməsi, istifadə olunan pestisidlərdən yüksək bioloji səmərəlilik almaq məqsədilə qarşıda duran problemlərin həlli vacib məsələdir və bu istiqamətdə ciddi tədbirlər görülməlidir.
Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı mübarizə üsullarından bəhs edən bukletlər paylanılıb.