Regionlarda ilkin tibbi xidmətin effektivliyi artırılır
Bakı, 23 fevral, AZƏRTAC
USAID/Azerbaijanın dəstəyi ilə yenilənən təməl həyat dəstəyi (BLS) və təkmil (kardiovaskulyar) həyat dəstəyi (ACLS) proqramı üzrə növbəti təlim sessiyası keçirilir.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, təlimlər "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində həyata keçirilir. Layihə USAID-in dəstəyi ilə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşir.
Kliniki Tibbi Mərkəzdə təşkil olunan təlimdə Bakı və regionlardakı tibb mərkəzləri, kolleclərdən 22 tibb işçisi və müəllim iştirak edir.
Məqsəd yeni qazanılan bilik və bacarıqların davamlı paylaşılmasının təmin edilməsi üçün regionlarda yaradılacaq təlim mərkəzlərində çalışacaq təlimçilər hazırlamaqdır. Eyni zamanda həkimlərin bu sahədəki bacarıqlarını gücləndirməklə ilkin tibbi xidmətin effektivliyini artırmaqdır.
Qeyd edilib ki, təlim 3 gün davam edəcək.