REJİSSOR ALEKSEY BORODİNLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, iyunun 2-də respublika Teatr Xadimləri İttifaqında (TXİ) xalq artisti, Rusiya Dövlət Mükafatı laueratı, rejissor, professor Aleksey Borodinlə Azərbaycanın teatr rejissorlarının görüşü olmuşdur.
Əvvəlcə təbii şəkildə ustad dərsinə, sonra isə diskussiyaya çevrilən görüşü Teatr Xadimləri İttifaqının sədri professor Azərpaşa Nemətov açmışdır. O bildirmişdir ki, A.Borodin 29 teatr tamaşasına, o cümlədən 8 saat davam edən “Utopiya sahili” tamaşasına (T.Stoppard) quruluş vermişdir. 1941-ci ildə Tsindaoda (Çin) doğulmuş A.Borodin 1968-ci ildə Dövlət Teatr Sənəti İnstitutunu (DTSİ) “Dram teatrı rejissoru” ixtisası üzrə bitirmişdir (Yuri Zavadskinin emalatxanası). 1973-1980-ci illərdə Gənc Tamaşaçılar Teatrına rəhbərlik etmişdir. 1980-ci ildən Rusiya Akademik Gənclər Teatrına rəhbərlik edir. Beynəlxalq Gənclər Teatrları Assosiasiyası Rusiya mərkəzinin vitse-prezidenti olan A.Borodin hazırda Rusiya Teatr Sənəti Akademiyasında (keçmiş DTSİ) dərs deyir.
A.Borodin çıxışının əvvəlində Rusiya teatr sənətində ümumi vəziyyət haqqında məlumat vermişdir. Onun sözlərinə görə, bu gün peşəkarlıq məsələsi çox kəskin şəkildə qarşıda durmuşdur və bu məsələ dramaturji materialdan başlanır.
Sonda A.Borodin sualları cavablandırmışdır.
######
