İDMAN
“Renault” komandasının 2020-ci ildə F1-də iştirakı sual altındadır
Bakı, 3 sentyabr, AZƏRTAC
“Renault” növbəti mövsüm başa çatdıqdan sonra Formula 1 yürüşlərini tərk edə bilər.
AZƏRTAC “The Forbes” nəşrinə istinadla xəbər verir ki, “Renault” rəhbərliyi 2021-ci il üçün planlaşdırılan reqlamentə dəyişikliklərdən sonra komandanın çempionatdakı iştirakında məqsədyönlülüyə şübhə edir.
Hazırda “Liberty Media” və Beynəlxalq Avtomobil Federasiyası yeni sazişlər barədə komandalarla danışıqlar aparır. “Forbes”in məlumatına görə, təklif olunan mükafatların bölüşdürülmə sxemi, texniki və idman reqlamentlərinin dəyişdirilməsi ilə bağlı “Renault” komandasında şübhə yaranıb.
Cari mövsümdə “Renault” Konstruktorlar Kubokunda 43 xalla altıncı yeri tutur.
Daha əvvəl xəbər verilmişdi ki, “Renault” komandası gələcək mövsümdə pilot heyətini dəyişəcək. Xüsusilə Esteban Okon Niko Hülkenberqi əvəz edəcək.