Rəşad Həsənov: Qanunvericiliklərin tətbiqində müəyyən vaxt itirdiyimiz üçün çox aqressiv hərəkət etməliyik
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanda texnologiya şirkətləri üçün 20 il müddətinə vergi güzəştlərinin və müxtəlif imtiyazların tətbiqini nəzərdə tutan yeni qanunvericilik paketi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Ağıllı iqtisadiyyatlar: Süni intellekt, innovasiya və rəqəmsal transformasiya” mövzusunda panel sessiyada çıxışında deyib.
Rəşad Həsənov bildirib ki, innovativ şirkətlərin inkişafı və xarici investisiyaların cəlb edilməsi üçün maliyyə imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
“Yaxın dövrə qədər qanunvericiliyimizdə startapların və texnologiya şirkətlərinin maliyyələşdirilməsi, xarici istedadların və xarici şirkətlərin cəlb edilməsi ilə bağlı bir sıra boşluqlar var idi. Həmin boşluqların aradan qaldırılması məqsədilə bir neçə qanunvericilik paketi qəbul edilib, onların bir qismi artıq qüvvəyə minib. Texnologiya şirkətlərinə 20 il müddətinə vergi güzəştləri və müxtəlif imtiyazlar təqdim edəcək yeni qanunvericilik paketi də parlamentə təqdim olunub. Biz bu qanunvericiliklərin tətbiqində müəyyən vaxt itirdiyimiz üçün çox aqressiv hərəkət etməliyik. Hesab edirik ki, bu, dünyada ən genişmiqyaslı dəstək paketlərindən biri ola bilər. Ümid edirik ki, bu paket növbəti bir ay ərzində qəbul ediləcək”, – deyə nazir müavini vurğulayıb.
Rəşad Həsənov vurğulayıb ki, əsas məqsəd texnologiya və innovasiya sektoruna kapital axınını asanlaşdırmaqdır.