Rəsədxananın elmi işçisi Almaniyanın Siegen Universitetində keçdiyi təcrübədən danışıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində keçirilən növbəti astroseminarda “Astrofiziki maneələrin qeyri-bircins plazma axınında yaratdıqları akustik turbulensiyanın tədqiqi” mövzusunda məruzə dinlənilib.
ŞAR-dan AZƏRTAC-a bildirilib ki, rəsədxananın kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllı məruzəsində Almaniyanın Siegen Universitetində keçdiyi təcrübədən danışıb. O, Siegen Universitetinin axın mexanikası kafedrasında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olduğunu söyləyib. Qeyd edib ki, ezamiyyət müddətində “Linux” əməliyyat sistemində “Overture” proqramı ilə bir neçə hidrodinamik məsələ nümunə olaraq modelləşdirilib. Məsələn, plazma kütləsinin dairəvi silindr üzərindən axını və həmin maneədən sonra yaranan fiziki proses ətraflı tədqiq edilib. Daha sonra superkompüterlərin köməyi ilə nümunələr paralel hesablama ilə yerinə yetirilib. Sonrakı mərhələdə sıxılan maye halı üçün Navye-Stoks tənliklərinin saxlanma formasının diskretləşmə üsulu ilə nəzərdə tutulan məsələ üçün “Overture” proqramında model qurulub.