Respublika çempionatında Bakı məktəbi birinci yeri tutub
Bakı, 4 mart, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən məktəblər arasında respublika çempionatının voleybol idman növü üzrə final mərhələsinə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionatın proqramına uyğun olaraq, final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 komanda mübarizə aparıb.
Yarışların nəticəsi olaraq, I yeri Bakı şəhəri 269 nömrəli məktəbin, II yeri Şəki rayonu Böyük Dəhnə kənd 2 nömrəli məktəbin, III yeri isə Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinin komandası tutub. Qalib komanda Xorvatiyanın Poreç şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, müxtəlif idman növləri üzrə məktəblər arasında respublika çempionatı 2018-ci il 26 sentyabr tarixində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış əmrə əsasən keçirilir. Ötən ilin oktyabrından başlayan voleybol yarışlarında 1303 orta məktəb üzrə 60 mindən artıq şagird iştirak edib.