Respublika Diaqnostika Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir
Bakı, 11 fevral (AZƏRTAC). Bakı şəhərindəki Respublika Diaqnostika Mərkəzində belaruslu mütəxəssislərin iştirakı ilə ginekologiyanın aktual problemləri ilə bağlı elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Respublika Diaqnostika Mərkəzinin baş həkimi Rauf Ağayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlardan, eləcə də tikilib istifadəyə verilmiş yeni tibb müəssisələrinin ən müasir cihaz və avadanlıqlarla təchizatı istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Respublika Diaqnostika Mərkəzi Azərbaycanda ən son texnologiyalara əsaslanan avadanlıqlara malik müasir tibb ocaqlarından biridir. Klinikada mütəmadi olaraq əcnəbi mütəxəssislərlə birgə tibbin son nailiyyətlərinə əsaslanan müxtəlif müayinə və müalicə metodları, eləcə də unikal əməliyyatlar həyata keçirilir.
Belaruslu mütəxəssis Aleksandr Barsukov mərkəzdə əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün yaradılan şəraitdən razılığını bildirmişdir. Sonra qonaq “Qadınlarda stresslə bağlı yaranan bəzi xəstəliklər və onların müalicə üsulları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Respublika Diaqnostika Mərkəzinin əməkdaşı İlahə Quliyeva da qadınlarda stresslə bağlı yaranan xəstəliklərlə bağlı aparılan elmi araşdırmalar və həyata keçirilən müalicə metodları ilə bağlı fikirlərini bölüşmüşdür.