Respublika Gənclər Kitabxanası Milli Dirçəliş Günü münasibətilə silsilə materiallar hazırlayıb
Bakı, 17 noyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən Milli Dirçəliş Günü mövzusunda “17 Noyabr - Milli Dirçəliş Günü” adlı videomaterial və daycest hazırlanıb, həmçinin ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan videomaterialda Milli Dirçəliş Gününün tarixinə nəzər salınaraq o illərin xronologiyası bir daha canlandırılıb. Burada ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri ilə 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatının geniş vüsət alması, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşmaları və azadlıq mübarizəsi öz əksini tapıb. Materialda tarixin o günlərinin ab-havası, xalq içərisində yaşanan gərginliklərlə yanaşı, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi geniş formada, tarixi faktlar və görüntülərlə işıqlandırılıb. Hazırlanan materialda o illərin foto və videogörüntülərini izləmək olur.
Qeyd edək ki, “17 Noyabr - Milli Dirçəliş Günü” adlı daycestdə isə məlumat xarakterli yazı materialları ilə yanaşı, Milli Dirçəliş Gününə dair 30-dan çox məqalə təqdim olunub.
Bundan əlavə Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada kitab sərgisi də açılıb.