Respublika Velotrekində temp növləri üzrə ölkə çempionatı keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim-planına uyğun olaraq Respublika Velotrekində temp növləri üzrə ölkə çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, bir gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 80 idmançısı iştirak edib.
Elit kateqoriyada mübarizə aparan kişilərin 4 kilometr məsafəyə komanda ötüşməsi heyəti Məhəmməd Ələkbərov, Kərim Şirəliyev, Cəmşid Qasımov və Musa Mikayılzadədən ibarət "Lokomotiv" klubunun qələbəsi ilə başa çatıb. Bu növdə 3 kilometr məsafəyə yarışan İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin 17 yaşadək velosipedçiləri Bakir Dadaşov, İvan Orlov, Samir Şıxəlizadə və Rövşən İsmayılov, həmçinin iki kilometr məsafəyə mübarizədə 8 nömrəli İdman Olimpiya Məktəbinin üzvləri David Proherkus, Fədail Mahmudov, Emil Əliyev və Ramin Əliyev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xalla qrup ötüşməsində "Lokomotiv" klubunun təmsilçisi Kərim Şirəliyev elit kateqoriyada hamını qabaqlayıb. On yeddi yaşadək velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Bakir Dadaşov hamıdan güclü olub. O, həmçinin 2 kilometr məsafəyə fərdi ötüşmədə də rəqiblərini özündən irəli buraxmayıb. "Lokomotiv" klubunun digər nümayəndəsi Məhəmməd Ələkbərov isə elit yaş qrupunda fərdi ötüşmələrin qalibi olub. On beş yaşlılar arasında 8 nömrəli İdman Olimpiya Məktəbindən David Proherkusa çatan olmayıb.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.