RESPUBLİKA VETERANLAR ŞURASININ V PLENUMU KEÇİRİLMİŞDİR
Əvvəlcə müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin və IV plenumdan sonra keçən müddətdə vəfat etmilş veteranların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Plenumu şuranın sədri Baloğlan Rüstəmov açaraq, tədbirin gündəliyi barədə məlumat vermişdir. Şura sədrinin birinci müavini Əlövsət Baxışovun “Veteranlar barəsində beynəlxalq sazişlərin və dövlət qərarlarının yerlərdə yerinə yetirilməsinin vəziyyəti barədə” məruzəsi dinlənilmişdir. O, Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununun kommunal və telefon abonent xərcləri, telefon çəkilişi, işləyən veteranların əmək hüquqlarının müdafiəsi, tibbi yardım, dərman və müalicə vasitələri ilə pulsuz təminat, nəqliyyatdan güzəştli istifadə və s. haqqında maddələrinin yerinə yetirilməsi vəziyyəti barədə məlumat vermişdir. Məruzədə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra veteranların bir çox problemlərinin həll olunduğu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini xüsusi vurğulamışdır.
Tədbirdə Naxçıvan MR, Bakı, Neftçala, Yardımlı, Gəncə, Sabirabad və başqa veteran təşkilatları rəhbərlərinin mövzu ilə bağlı çıxışları dinlənilmişdir.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev Prezident İlham Əliyevin veteranlara daim diqqət və qayğı ilə yanaşdığını bildirmiş, plenumda səslənən təklif və iradların araşdırılacağını, onların yerinə yetirilməsi istiqamətində müvafiq addımlar atılacağını söyləmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin nümayəndələri veteranların suallarını cavablandırmışlar.
Şuranın sədri Baloğlan Rüstəmov tədbirin iştirakçılarına yerlərdə icra orqanları ilə sıx işləməyi, veteranların qayğılarına diqqətlə yanaşmağı tövsiyə etmişdir.
Sonda plenum müzakirə olunan məsələlər barədə yekdilliklə qərar qəbul etmişdir.