Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanmışdır
Bakı, 1 aprel (AZƏRTAC). Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-170, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 280 m3/s olmaqla, ongünlük normanın 60 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 192 m3/s və ongünlük normanın 41 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 102 m3/s təşkil etmiş və ongünlük normanın 74 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 santimetr, Şirvanda 14 santimetr, Araz çayının Novruzlu məntəqəsində 22 santimetr artım, Bankədə 7 santimetr, Salyanda isə suyun səviyyəsində 4 santimetr azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 santimetr, Şirvanda 208 santimetr, Salyanda 146 santimetr, Bankədə 196 santimetr, Araz çayının Novruzlu məntəqədə isə 107 santimetr təşkil edir.