Respublikanın çaylarında yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır
Bakı, 7 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən respublikanın çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastruktur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.
Proqnoza görə, Kür çayından Şəmkir su anbarına axım normanın 52-66, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 55-82, Araz çayından Araz su anbarına axım isə normanın 30-47 faizini təşkil edəcəkdir.
Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 70-111, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında normanın 51-85, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 38-77, Naxçıvan MR çaylarında 35-83, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 36-75 faizini təşkil edəcəyi gözlənilir.
Bu il qar ehtiyatının normadan az olmasına və yağıntının normadan az gözlənilməsinə baxmayaraq gursululuq dövründə, xüsusən də may və iyun aylarının ayrı-ayrı günlərində leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Talaçay, Kürmükçay, Şinçay, Kişçay), şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Vəlvələçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Şəmkirçay, Qoşqarçay) və Naxçıvan MR-in (Naxçıvançay, Gilançay, Əlincəçay) çaylarından qısamüddətli daşqınların keçəcəyi gözlənilir.
Müəyyən edilmişdir ki, bu il respublikanın daxili çay hövzələri ilə yanaşı, Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı 2013-cü ilə və çoxillik normaya nisbətən azdır. Mart ayının üçüncü ongünlüyündə Kür və Araz çaylarının aşağı axınında faktiki səviyyə göstəriciləri keçən ilin müvafiq dövrünə nisbətən müxtəlif məntəqələr üzrə orta hesabla 50 santimetr aşağıdır. Beləliklə, keçən illə müqayisədə bu ilin qışında yağıntıların az düşdüyünü və yaz yağıntılarının normaya yaxın və az gözlənildiyini nəzərə alaraq aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən bu ilin gursululuq dövründə respublikanın daxili çaylarında sululuğun normaya yaxın və normadan az, iri tranzit çaylarında isə normadan az olacağı gözlənilir.