Rezidentlərə damar anastomoz qaydaları haqqında məlumat verilib
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün ürək-damar cərrahiyyəsinə həsr olunan seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gənc həkimlərə damar anastomoz texnikası haqqında məlumat verilib.
Azərbaycan Tibb Universitetinin ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov bildirib ki, anastomoz ürək-damar cərrahiyyəsində çox əhəmiyyətli yerlərdən birini tutur, ona görə də anastomoz texnikasının sırf ürək-damar cərrahiyyəsinə aid olmasına baxmayaraq, rezidentlərin hər biri bu üsul haqqında həm nəzəri, həm də praktiki bacarıqlara malik olmalıdır.
Qeyd olunub ki, bəzən praktikada elə hallar olur ki, yalnız cərrahiyyə sahəsinin həkimləri yox, digər sahə mütəxəssislərinə də damar anastomozları, damarlara müdaxilə qaydalarını bilmək lazım gəlir.
Tədris Cərrahiyə Klinikasının I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov isə qeyd edib ki, mütəmadi olaraq keçirilən kursların əsas məqsədi rezidentlərə əsas ilkin cərrahi bacarıqlar, həmçinin laparoskopik alətlərlə tanışlıq və laparoskopik bacarıqların öyrədilməsidir.
Seminarda mütəxəssislər damar anastomoz qaydaları haqqında, ürək şuntlama əməliyyatlarında anastomozların aparılan qaydaları, istifadə olunan qreftlər və konyvitlər haqqında ətraflı məlumat veriblər. Anastomoz zamanı baş verə biləcək fəsadlar, ağırlaşmalar və onların təfərrüatları barədə də danışılıb.