RF Baş nazirinin müavini “Şimal-Cənub” dəhlizinin inkişafı barədə danışıb
Moskva, 22 dekabr, AZƏRTAC
Rusiya Azərbaycan sərhədi ilə İranın Rəşt şəhəri arasında dəmir yolunun yenidən qurulmasını planlaşdırır.
AZƏRTAC xəbər verir ki, RF Baş nazirinin müavini Aleksey Overçuk bunu jurnalistlərə müsahibəsində bəyan edib.
O deyib: “Azərbaycan sərhədi ilə İranın Rəşt şəhəri arasında dəmir yolunun yenidən qurulması, çatışmayan 160 kilometr uzunluğunda yolun faktiki olaraq tikintisi planlaşdırılır. Bu tikinti başa çatdırılanda qərb dəhlizi və ya “Şimal-Cənub” dəhlizinin qərb marşrutu tamamilə dəmir yolundan ibarət olacaq, biz körfəzin İran limanlarına dəmir yolu vasitəsilə çıxış əldə edəcəyik”.
RF Baş nazirinin müavini daha sonra əlavə edib ki, hazırda iqtisadi qüvvə mərkəzləri Qərbdən Şərqə doğru yerini dəyişir, buna görə də Rusiya yeni reallıqlara uyğun olaraq nəqliyyat-logistika əlaqələrini inkişaf etdirməlidir.
A.Overçukun sözlərinə görə, RF ilə Qərb arasında logistik əlaqə imkanları xeyli azalıb, lakin Moskva şərq logistik yollarının inkişaf etdirilməsi üçün “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi layihələrə diqqəti artırır. O deyib: “Biz belə adlandırılan “Şimal-Cənub” dəhlizi yaradırıq. Prinsip etibarilə, bu dəhliz həmişə, hələ Afanasi Nikitinin dövründən mövcud olub, lakin bu gün biz onu müasirləşdirir, daha münasib formaya salırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva