Riçard Şirer: "Bakcell" baza stansiyalarının sayına görə Azərbaycanda liderdir
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti göstərdiyi mobil rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, əhatə dairəsinin daha da genişləndirilməsi və şəbəkənin gücləndirilməsi üçün sərmayə yatırır. “Bakcell" Azərbaycanda baza stansiyalarının sayına və tutumuna görə liderdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakcell"in baş icraçı direktoru Riçard Şirer deyib. "Biz Azərbaycanın ən ucqar nöqtələri də daxil olmaqla bütün ölkə ərazisində abunəçilərimiz üçün keyfiyyətli mobil rabitəni və interneti təmin etmək məqsədilə 2G və 3G şəbəkəmizi genişləndirərək öz rəqiblərimizi üstələyirik. Eyni zamanda, mobil internet bazarında ən böyük paya malik olan şirkətik. Rəqiblərimiz mobil internetin həm keyfiyyətində, həm də həcmində bizdən geri qalır. Cəmi bir neçə ay öncə istifadəyə verdiyimiz 4G LTE xidməti hazırda yalnız Bakı şəhərini əhatə etsə də, bu xidmətdən istifadə edən abunəçilərimizin sayı sürətlə artır”, - deyə R.Şirer bildirlib.
Qeyd edilib ki, hazırda "Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İki minədək 3G stansiyası sayəsində “Bakcell”in bu xidməti əhalinin 85 faizini, ölkə ərazisinin isə 70 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. Şəbəkənin gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində şirkət 2G, 3G və 4G baza stansiyalarının sayına görə rəqiblərini üstələyib. Ümumilikdə baza stansiyalarının sayını 5 min 299-a çatdıran şirkət bir neçə ay əvvəl istifadəyə verdiyi 4G xidməti üzrə də ölkədə lider mövqeyə sahibdir.