“RİO+20” konfransında Azərbaycan 38 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaqdır
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin (İİD) Bakı ofisində jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən BMT İİD-nin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç hər 10 ildən bir keçirən “Rio+20” konfransı barədə jurnalistlərin məlumatlı olmasının vacibliyini bildirmişdir.
Bildirilmişdir ki, ətraf mühit və inkişaf məsələləri üzrə “Rio+20” konfransı (Yer sammiti adı ilə) ilk dəfə 1992-ci ildə keçirilmişdir. Azərbaycan bu konfransın işində 2002-ci ildə iştirak etmişdir.
İyunun 20-22-də Rio-de-Janeyro (Braziliya) şəhərində keçiriləcək növbəti konfransda 138 dövlətin liderləri bir araya gələrək ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və yoxsulluğun azaldılması məsələlərini müzakirə edəcəklər.
Qeyd edilmişdir ki, “RİO+20” konfransı BMT Baş Assambleyasının 2009-cu ildə qəbul etdiyi qərar əsasında keçirilir. Konfrans yoxsulluğun ləğvi və davamlı inkişaf kontekstində “yaşıl iqtisadiyyat”, öhdəliklərin yerinə yetirilmə vəziyyətinə həsr olunacaqdır.
Vurğulanmışdır ki, “RİO+20” konfransında Azərbaycan 38 nəfərdən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaqdır.
Seminarda, həmçinin BMT-nin yaranma tarixini və fəaliyyət istiqamətlərini əks etdirən film göstərilmişdir.