Riqada “Azərbaycan Bayrağı” beynəlxalq intellektual oyunlar festivalı keçirilir
Riqa, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da Riqadakı “Maritim” otelində “Azərbaycan Bayrağı” beynəlxalq intellektual oyunlar festivalının açılışı olmuşdur. Festival Bakının “Atəşgah” intellektual klubu tərəfindən Riqanın “Intellect” bilicilər klubu ilə birgə keçirilir.
Festivalın açılışında Azərbaycanın Latviyada səfiri Elman Zeynalov çıxış etmişdir. Səfir demişdir: “Sevindirici haldır ki, intellektual oyunlar festivalı noyabrın 9-da -Azərbaycanın Dövlət Bayrağı Günündə keçirilir. Bizim ölkəmiz üçün əlamətdar olan bu gündə bilicilər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı bilik yarışına qatılacaqlar”. Elman Zeynalov bilicilərə uğur dilədi.
Bakının “Atəşgah” intellektual klubunun sədri İlkin Yetirmişli biliciləri festivalın açılışı münasibətilə təbrik edib, xatırlatdı ki, bu, Klubun pilot layihəsidir, ilk dəfədir ki, “Atəşgah” xaricdə belə tematik yarış təşkil etmişdir.
İ.Yetirmişli demişdir: Bizim hədəfimiz intellektual oyunlar vasitəsilə ölkəmizin mədəni-tarixi irsini populyarlaşdırmaqdır”.
Klubun prezidenti belə cəsarətli ideyanın dəstəklənməsinə görə Azərbaycan Prezidenti yanında Gənclərin Fonduna minnətdarlığını bildirmişdir.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov biliciləri festivalın açılışı münasibətilə təbrik edib, dedi ki, bu intellektual yarışın 9 noyabrda - Azərbaycanın Dövlət Bayrağı Günündə keçirilməsi çox əlamətdar haldır. O.Ərəbov ən güclü komandanın qalib gəlməsini arzuladı.
Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi, sonra oyun başlandı. Yarışda Latviya, Litva, Estoniya, Gürcüstan, Rusiya, Belarus və Ukraynadan təxminən 30 komanda iştirak edir. Qalib komanda Bakıda keçiriləcək “Caspian Cup” festivalına vəsiqə qazanacaqdır. Bundan əlavə, Həmçinin, ən yaxşı və maraqlı cavab üçün Azərbaycan səfirliyi tərəfindən xatirə hədiyyəsi təqdim edilməsi nəzərdə tutulmuşdur.
Yarışın qalibləri noyabrın 10-da elan ediləcəkdir.
Nigar Cəfərli,
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa