SİYASƏT
Riqada təhsil alan azərbaycanlı tələbələr Dövlət Bayrağı Gününə həsr edilmiş təqdimat keçirmişlər
![](/files/galleryphoto/2013/3/1200x630/14079269283762527195_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269285521316076_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/140792692894903326_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269286023258774_1200x630.jpg)
Riqa, 8 noyabr (AZƏRTAC). Dövlət Bayrağı Günü münasibətilə Riqa Texniki Universitetində “Azərbaycan gəncləri gecəsi” keçirilmişdir.
Azərbaycanın Latviyadakı səfirliyinin maliyyə və təşkilati dəstəyi ilə keçirilən tədbirdə müxtəlif xarici ölkələrdən Riqada təhsil alan tələbələr də iştirak etmişlər. Əvvəlcə Azərbaycan haqqında videoçarx göstərilmişdir. Azərbaycanlı tələbələr ölkəmizin tarixi, zəngin mədəniyyəti və memarlığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə təqdimatla çıxış etmişlər.
Gənclər bildirmişlər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü elan edilmişdir. Üçrəngli bayrağımızın zolaqlarındakı rənglərin hər biri rəmzi məna daşıyır: göy rəng Azərbaycan xalqının türk mənşəyinin, qırmızı rəng müasirliyin, yaşıl rəng isə xalqımızın islam sivilizasiyasına mənsub olmasının rəmzidir. Bakıda Dövlət Bayrağının yaradılması, burada dünyada ən uca - 162 metr hündürlüyündə bayraq dayağı ucaldılması barədə məlumat verilmişdir.
Riqada ali təhsil alan həmvətənimiz Aygün Kərimova demişdir ki, bu cür tədbirlər müxtəlif millətləri təmsil edən gənclərinə ayrı-ayrı ölkələrin mədəniyyəti ilə real tanış olmaq imkanı yaradır. Bu tədbir Azərbaycan xalqının mədəni-tarixi irsinin çoxmillətli Latviya cəmiyyətində təbliğ edilməsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycanlı tələbələr milli rəqslər ifa etmiş, tədbir iştirakçılarını milli Azərbaycan mətbəxinin ləziz nümunələrinə qonaq etmişlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa