Riyad Marez dopinq-testə görə İngiltərə Superkubokunda iştirak etməyib
Bakı, 5 avqust, AZƏRTAC
İngiltərənin “Mançester Siti” klubunun və Əlcəzair yığmasının yarımmüdafiəçisi Riyad Marez dopinq-testdən çəkindiyi üçün İngiltərə Superkuboku uğrunda “Liverpul” ilə matçda iştirak edə bilməyib. Bu barədə məlumatı “Qazeta.Ru” Britaniyanın “Independent” nəşrinə istinadla yayıb.
AZƏRTAC xəbər verir ki, “Mançester Siti” avqustun 4-də penaltilər seriyasında 5:4 hesabı ilə (oyunun əsas vaxtı heç-heçə başa çatıb: 1:1) “Liverpul”a qalib gəlib. “Mançester Siti” Superkuboku altıncı dəfə (1937, 1968, 1972, 2012, 2018, 2019) qazanıb.
Nəşrin yazdığına görə, iyulun 19-da Əlcəzair yığmasının qələbəsi ilə başa çatan Afrika Millətlər Kuboku zamanı 28 yaşlı Marezin qəbul etdiyi preparatların mənşəyini nə məşqçilər heyəti, nə də oyunçu bilib. Odur ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçunun istəyinə baxmayaraq, onu matça buraxmamaq qərarına gəlib.
X.Qvardiola deyib: “Riyad Afrika Millətlər Kubokunda qələbə qazanandan sonra mənə zəng vurub dedi ki, 10 gün ərzində geri qayıtmaq və “Liverpul”la matçda iştirak etmək istəyir. Mən dedim ki, bu, çox yaxşı olardı. Lakin biz onun hansı həbləri qəbul etdiyini bilmirdik, çünki Superkubok uğrunda matçdan sonra dopinq-test onun üçün riskli idi, buna görə də o oynamadı. Ümidvaram ki, “Vest Hem”lə matça qədər vəziyyət düzələcək”.
Riyad Marez “Mançester Siti”nin heyətində 2018-ci ildən oynayır. Ötən mövsümdə o, bütün turnirlərdə 44 oyun keçirib, 12 qol vurub və eynən bu qədər səmərəli ötürmə edib. O, komanda ilə birlikdə İngiltərə çempionu, İngiltərə Kubokunun və Superkubokunun, Futbol Liqası Kubokunun sahibi olub. O, Fransanın “Kemper” və “Qavr” klublarının və İngiltərənin “Lester” klubunun heyətlərində də oynayıb, “Lester” klubu ilə birlikdə İngiltərə Premyer Liqasında qalib gəlib. Bu il isə Əlcəzair yığmasının heyətində Afrika Millətlər Kubokunun çempionu olub.
“Mançester Siti” İngiltərə Premyer Liqasının birinci turu çərçivəsində “Vest-Hem”lə qarşılaşacaq. Matç avqustun 10-da keçiriləcək.