Robotexnika üzrə Azərbaycan milli komandası Dünya Robot Olimpiadasının finalına yollanıb
Bakı, 4 noyabr, AZƏRTAC
Bu il 2023-cü il Dünya Robot Olimpiadasının final mərhələsi Panamada keçirilir. Azərbaycan komandaları 8 kateqoriyada iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi və mentoru Rəhman Rəsulzadə deyib.
Onun sözlərinə görə, olimpiadada “Future innovators”, “Future engineers”, “Robomission” və “Robosports” olmaqla dörd kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar.
“Bu il Azərbaycanı olimpiadada 8 komanda təmsil edəcək - “Lavanda”, “Kəndli oğlanlar”, “Şərqi Zəngəzur”, “Falkon”, “Falkonlar”, “Aze86.6” və “Xəzər xilasediciləri”. Yarışma 7-9 noyabr tarixlərində keçiriləcək. Qaliblər noyabrın 9-da müəyyənləşəcək. Hazırda Azərbaycan komandasının heyəti Panama şəhərinə yollanıblar”, - deyə Rəhman Rəsulzadə əlavə edib.
Qeyd edək ki, Azərbaycanda bu il sentyabrın 1-də Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib. Olimpiadada 160 komanda iştirak edib, onlar içindən 8 komanda ölkəmizi təmsil etmək şansı qazanıb. Azərbaycanda təşkil olunan V Robot Olimpiadasından sonra ötən il Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında gənclərimiz “Gələcəyin innovatorları” nominasiyasında iki min komanda arasında üçüncü yerə layiq görüldülər.