Roland Kobia: Avropa İttifaqındakı sülh və əmin-amanlıq məkanının Azərbaycana qədər genişlənməsini istəyirik
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyi Avropa Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Roland Kobia Avropa Gününün tarixindən danışmışdır. Bildirmişdir ki, 1950-ci il mayın 9-da Şuman bəyannaməsinin qəbulu Avropa Birliyinin yaranması günü hesab olunur. “Şumanın ideyası əsasında 27 Avropa ölkəsi birləşərək inkişaf naminə tərəfdaşlıq etməyə başladı. Bunun nəticəsi olaraq sülh və əmin-amanlıq hökm sürən bir məkan formalaşmışdır. Avropa İttifaqındakı bu sülh və əmin-amanlıq məkanının Azərbaycana qədər genişlənməsini istəyirik”, - deyə səfir qeyd etmişdir.
R.Kobia, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında Assosiativ razılaşma ilə bağlı danışıqlar aparıldığını qeyd edərək bunun ən dərin əməkdaşlıq forması olduğunu vurğulamışdır. Səfir gələn həftə Avropa Parlamentinin sədri Yeje Buzekin Azərbaycana səfər edəcəyini də bildirmişdir.
Avropa İttifaqı ölkələrinin nümayəndələrini Azərbaycan Prezidenti adından təbrik edən iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmiz və Birlik arasında əməkdaşlığın inkişaf etdiyini vurğulamışdır. Qeyd etmişdir ki, bu əlaqələr tərəflər arasında insan haqları, elm və təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində uğurla davam etdirilir. Xarici ticarət dövriyyəsinə görə Azərbaycan Avropa Birliyinin Cənubi Qafqazda əsas tərəfdaşıdır deyən Ş.Mustafayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri də xatırlatmışdır.
Tədbirdə Azərbaycan hökumətinin rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.