Roland Kobia: Azərbaycanı qısa bir vaxtda regionda lider dövlətə çevrilmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Qərb Universitetində Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüş olmuşdur.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru Zemfira Məmmədova rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən, qazandığı uğurlardan danışmışdır. Bildirmişdir ki, Qərb Universiteti MDB ölkələri, ABŞ və Avropanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir. Universitetdə dünyanın bir sıra tanınmış şəxsləri ilə görüşlər keçirilir.
Rektor vurğulamışdır ki, bu cür görüşlərdə tələbələrin diplomatlarla birbaşa ünsiyyət yaratmaq, Avropa dəyərləri, Azərbaycan-Avropa əlaqələri və s. haqqında daha ətraflı məlumatlar əldə etmək imkanı yaranır.
R.Kobia “Azərbaycan-Avropa İttifaqı əlaqələri və onun perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Aİ-nin Azərbaycan ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyən səfir vurğulamışdır ki, bu əlaqələr 1991-ci ildə qurulmuşdur. Azərbaycan ilə Aİ arasında əməkdaşlığın tarixindən danışan R.Kobia bildirmişdir ki, Azərbaycanın Avropa ilə Asiya arasında strateji məkanda yerləşməsi, neft və qaz kimi təbii sərvətlərlə zənginliyi ölkəyə xarici sərmayənin yatırılmasına münbit şərait yaratmış və Azərbaycanı qısa bir vaxtda regionda lider dövlətə çevirmişdir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edən R.Kobia Aİ-nin Cənubi Qafqaz ölkələri ilə reallaşdırdığı TRASEKA, İNOGATE, TEMPUS proqramların əhəmiyyəti haqqında da danışmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunun səfir məsələnin münaqişənin sülh yolu ilə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulamışdır.
Sonda diplomat tələblərin suallarını cavablandırmışdır.
######
