CƏMİYYƏT
Romada azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə inteqrasiyası layihəsi çərçivəsində növbəti görüş keçirilib VİDEO
Roma, 24 mart, AZƏRTAC
Romada Azərbaycan İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən həyata keçirilən “Azərbaycanlı tələbələrin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Görüşdə çıxış edən italiyalı professor Fabio Qrassi ölkədə kifayət qədər azərbaycanlı tələbənin təhsil aldığını deyib və bundan məmnunluğunu ifadə edib. Ölkəsində geniş imkanların olduğunu bildirən professor İtaliyanın zəngin mədəniyyətə və qədim tarixə malik olduğunu deyib, tələbələri burada yaşadıqları müddətdə bu imkanlardan maksimum şəkildə istifadə etməyə çağırıb. Çıxışını türk dilində davam etdirən Fabio Qrassi 13 il İstanbulda yaşamasından, türk mədəniyyətini öyrənməsindən bəhs edərək özünü inteqrasiya mövzusunda nümunə göstərib.
İtaliyanın ən böyük gənclər təşkilatlarından olan “Giovani per Roma” təşkilatının prezidenti Andrea Kiapatti təmsil etdiyi təşkilatın fəaliyyətindən, həyata keçirdikləri layihələrdən danışıb. İtaliyada təhsil alan azərbaycanlıları əməkdaşlığa dəvət edən təşkilat rəhbəri gələcək layihələrdə azərbaycanlıların iştirakından məmnun olacağını bildirib.
AİGA-nın sədri Fərid Abbasov İtaliyada yaşadıqları müddətdə tələbələrə lazım olan vacib sənədlərin hazırlanması proseduru haqqında məlumat verib.
Sonra suallar cavablandırılıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma