Romalılar zəlzələ ola biləcəyi barədə qabaqcadan xəbərvermə səbəbindən şəhəri tərk edirlər
Bakı, 11 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, minlərlə italiyalı 2011-ci il mayın 11-də zəlzələnin baş verəcəyi barədə qabaqcadan xəbərvermə səbəbindən Əbədi şəhəri - Romanı tərk edirlər.
Vahimənin səbəbi kimi, 1979-cu ildə dünyasını dəyişmiş seysmoloq Raffaele Berdandinin 2011-ci il mayın 11-də dəhşətli dağıdıcı zəlzələnin baş verəcəyi barədə proqnozu göstərilir.
İtaliyanın hakimiyyət orqanları qeyd edirlər ki, belə təbii fəlakətin baş verəcəyini əvvəlcədən söyləmək mümkün deyildir. Berdandi Fondundan isə bildirirlər ki, alim belə xəbərdarlıq etməmişdir: onun yazılarında belə qabacadan xəbərvermə aşkar olunmamışdır.
Televiziya ilə əhalini sakitliyə çağıran xüsusi proqramlar göstərilmişdir. Lakin ölkənin və alimlərin vədləri şəhəri tərk edən romalıları dayandıra bilməmişdir.
Alim Raffaele Berdandi zəlzələlərin başvermə vaxtını əvvəlcədən dəqiq söyləməsi ilə məşhurlaşmışdır. O, planetlərin hərəkətini izləməklə min nəfərin həlak olmasına səbəb olan 1923-cü il zəlzələsinin vaxtını guya əvvəlcədən dəqiq bildirmişdir.
Şayiələrə görə, Raffaele Berdandi ölümündən bir qədər əvvəl 2011-ci il mayın 11-də baş verəcək zəlzələ və 2012-ci ildə bütün İtaliyanı hədələyəcək iki təbii fəlakət barədə fikir söyləmişdir.
İtaliya kütləvi informasiya vasitələrinin məlumatına görə, mayın 11-də romalıların təxminən 18 faizi işdən icazə almışdır. 20 minə yaxın məktəbli tədris müəssisələrinə getmək niyyətində deyillər.
İtaliya yüksək seysmik aktivlik zonasında yerləşir. Ölkədə sonuncu 6,3 bal gücündə olan zəlzələ 2009-cu ildə Akvildə baş vermişdir. Təbii fəlakət nəticəsində 300-ə yaxın adam həlak olmuş, 25 mindən çox sakin evsiz-eşiksiz qalmışdır.