DÜNYA
“Rosneft”in rəhbəri qızılın dünya ticarətində yenidən dolların rəqibinə çevrilə biləcəyini ehtimal edir
Moskva, 5 dekabr, AZƏRTAC
Qızıl qlobal ticarətdə yenidən dolların əsas rəqibinə çevrilə bilər.
AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, bu fikirləri “Rosneft” şirkətinin Direktorlar Şurasının sədri İqor Seçin BƏƏ-də keçirilən Verona Avrasiya İqtisadi Forumunda çıxışı zamanı söyləyib.
O bildirib ki, dünya ticarətində dollar ödənişlərinə qoyulan məhdudiyyətlər milli valyutalardan istifadə və yeni universal alətlərin işlənib hazırlanması imkanlarını artıracaq. Qızıl qlobal ticarətdə yenidən dolların əsas rəqibinə çevrilə bilər. Seçinin sözlərinə görə, Ümumdünya Qızıl Şurası təkcə son üç ildə dünya valyuta ehtiyatlarında qızılın payının 20 faizə çatdığını bildirib.
“Rosneft”in rəhbəri inkişaf etməkdə olan ölkələrin əhalisinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün dünyada neft hasilatını iki dəfə artırmağın vacibliyini də vurğulayıb, 2050-ci ilə qədər gündəlik hasilatının 20 milyon barelə çatacağı proqnozunu irəli sürüb. O yaxın perspektivdə “Brent” markalı neftin bir barelinin qiymətinin 60-65 dollar civarında olacağını istisna etməyib. O hesab edir ki, bir sıra risklər gerçəkləşərsə, “Brent” markalı neftin bir barelinin 60-65 dollara satılacağı ehtimalı var.
Seçin, həmçinin dünyanın kömür erasına qayıtmasından da söz açıb. O, Çinin bərpaolunan enerji sahəsində dünya lideri olmasına baxmayaraq, son 10 ildə kömür hasilatını 45 faiz artırdığını da vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva