Rumıniyalı mütəxəssislər ölkəmizdə qida təhlükəsizliyi sahəsində işlərin peşəkar səviyyədə aparıldığını qeyd ediblər
Bakı, 1 aprel, AZƏRTAC
Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi Aleksandru Nikolae Boçunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Bu barədə AZƏRTAC-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qida Təhlükəsizliyi İnstitutunda təşkil edilən görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə institutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilən uğurlar diqqətə çatdırılıb.
Görüşdə, həmçinin iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması, səriştəlilik sınaqlarının həyata keçirilməsi və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra Rumıniya nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Səyyar Fitosanitar Laboratoriyasına baxış keçirib. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərlə fikirlərini bölüşən Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu bildirib. Eyni zamanda müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını vurğulayıb.
Qeyd edək ki, Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi Aleksandru Nikolae Boçunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticari-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası çərçivəsində ölkəmizə səfər edib. İclasın yekunlarına dair Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.