Rusiya Ali İqtisad Məktəbinin prorektoru Azərbaycan Dövlət İqtisad Universitetində olmuşdur
Bakı, 7 noyabr (AZƏRTAC). III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiya Ali İqtisad Məktəbinin prorektoru, professor Lev Yakobson Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil ocağının rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev forum çərçivəsində keçirilən “İqtisadi inkişafın humanitar aspektləri” mövzusunda “dəyirmi masa”da dərin məzmunlu çıxışına görə qonağa minnətdarlığını bildirmişdir. Eyni zamanda, forumun Azərbaycan və Rusiya arasındakı strateji əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulamışdır.
Rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verən Ş.Hacıyev iki universitet arasında hərtərəfli əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etmiş, xüsusilə tələbə və müəllim mübadiləsində daha çox maraqlı olduğunu bildirmişdir. O, ilk növbədə, tədrisin tamamilə ingilis dilində aparıldığı xüsusi istedadlar qruplarında dərs aparmaq üçün Rusiya Ali İqtisad Məktəbinin professorlarını tezliklə ADİU-ya dəvət edəcəklərini vurğulamışdır.
Forumun yüksək səviyyədə keçirildiyini diqqətə çatdıran L.Yakobson bu beynəlxalq tədbirdə iştirakından məmnunluq duyduğunu qeyd etmişdir. O, təmsil etdiyi universitetin Rusiyanın qabaqcıl ali məktəblərindən biri olduğunu, London İqtisad Məktəbi ilə birgə magistratura proqramının reallaşdırıldığını bildirmişdir. L.Yakobson, həmçinin diqqətə çatdırmışdır ki, təmsil etdiyi universitetdə tədrisi ingilis dilində aparmaq imkanı olan kifayət qədər professor-müəllim fəaliyyət göstərir.
Qonaq ikitərəfli əməkdaşlıq haqqında sazişin imzalanması üçün müvafiq prosedurların yerinə yetirilməsinə yardım göstərəcəyini də bildirmişdir.