RUSİYA-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI FƏALİYYƏTİN BÜTÜN SAHƏLƏRİNİ ƏHATƏ EDİR
Bu, dövlət başçılarının cari ildə dördüncü görüşüdür. Fevral ayında Prezident Vladimir Putin Bakıya işgüzar səfər etmiş, iyun ayında prezidentlər Almatıda keçirilən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin ikinci sammitində görüşmüş, iyul ayında Prezident İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak etmişdir. Danışıqlar prosesində əsas yeri tərəflərin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyəti haqqında Azərbaycan və Rusiya prezidentlərinin 2006-cı il 22 fevral tarixli Birgə bəyanatının müddəalarının yerinə yetirilməsinin gedişi ilə bağlı məsələlər tutur.
Ticarət-iqtisadi əməkdaşlıq da dövlətlərarası dialoqun əsas mövzularındandır. Təkcə bunu demək kifayətdir ki, cari ilin 9 ayı ərzində xarici ticarət dövriyyəsi 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 50 faizdən çox artmışdır. Ölkələrimiz yanacaq-energetika sahəsində, o cümlədən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli, Azərbaycana Rusiyadan təbii qazın verilməsi, habelə elektroenergetika, nəqliyyat, əlvan metallar, maşınqayırma sahələrində və digər sahələrdə qarşılıqlı fəaliyyət göstərirlər. Bakı Rusiya neft və neft məhsulları birjasının həmtəsisçisi kimi çıxış etməyə hazır olduğunu bildirmişdir.
Rusiya Federasiyası subyektlərinin Azərbaycanla əməkdaşlığı ölkələrimiz arasında inteqrasiya proseslərinin mühüm elementidir. Fevral ayında Bakıda keçirilən Rusiya milli sərgisində bu ölkənin 12 subyektinin 140 müəssisəsinin məhsulları nümayiş etdirilmişdir. Bu il Tatarıstan ilə Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyətə başlamışdır.