RUSİYA KİNOREJİSSORU AİLƏ SAKİTLİYİNİ POZMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 4-də “Azərbaycan” kinoteatrında X Beynəlxalq Bakı kinofestivalı çərçivəsində Rusiya kinorejissoru Andrey Zvyagintsevin ötən il “REN Film” studiyasında çəkilmiş (operator Mixail Kriçman) “Qovulma” filmi nümayiş etdirilmişdir.
Filmin həmmüəllifi Oleq Neginlə birlikdə tamaşaçılar qarşısında çıxış edən Andrey Zvyagin demişdir: “Biz Bakı tamaşaçısının “bizim” filmə baxmasını istəməzdim. Mən istərdim ki, o, bu filmə “öz” filmi kimi baxsın”.
A.Zvyagintsev əvvəllər olduğu kimi, bu dəfə də mürəkkəb və maraqlı ailə münasibətlərini tədqiq edir. Ər, arvad və iki uşaq (oğlan və qız) sənaye şəhərindən kəndə, köhnə ata evinə qayıdırlar. Arvad burada ərinə başqasından uşaq gözlədiyini deyir. Ər ağır psixoloji stress keçirir. O, arvadını cəzalandırmaq, ya da ondan ayrılmaq seçimi qarşısında qalır. Ancaq birgə keçirdikləri xoşbəxt illər onun gözləri önündən çəkilmir. Faciəvi əlacsızlıq həddində duran bu məsələni necə həll etməli?
Tamaşaçı iki saat yarım davam edən filmdə hadisələrin nə ilə bitəcəyini həyəcanla gözləyir. Baş qəhrəmanlar (artistlər Konstantin Lavronenko, Mariya Bonnevi, Aleksandr Baluyev) bir problemdən canlarını qurtarmamış, digər problemlə üzləşirlər.
“Qovulma” filmi Rusiya Kinoklublar Federasiyasının, Moskva Beynəlxalq Festivalının mükafatlarına layiq görülmüşdür.
Andrey Zvyagintsevin çəkdiyi dörd filmdən biri (ilk tammetrajlı) - “Qayıdış” Venesiya kinofestivalının dörd mükafatının, o cümlədən ən yaxşı rejissor debütünə görə “Qızıl şir”in sahibidir. Film Rusiya Kino Sənəti Akademiyasının “Qızıl qartal” və “Nika” mükafatlarını almışdır.
######
