RUSİYA MİQRANTLARIN QEYDİYYATINI SADƏLƏŞDİRƏCƏK
Düzəlişlərə görə, Rusiya ərazisində yaşayan əcnəbi vətəndaşların qeydiyyatının yeni inzibati-hüquqi mexanizmi tətbiq olunur. Məsələn, miqrantların icazəli qaydada deyil, xəbərdarlıq qaydasında qeydiyyatı nəzərdə tutulur, yəni ölkəyə gələn əcnəbilər bu barədə Federal Miqrasiya Xidmətinə xəbərdarlıq etməlidirlər.
Bununla yanaşı, yeni qanun RF ərazisində müvəqqəti yaşamaq qaydasının və sərhədi vizasız keçmək rejimi tətbiq olunan ölkələrin vətəndaşlarının işləməsinə icazənin sadələşdirilməsini nəzərdə tutur. RF ərazisində müvəqqəti yaşamağa icazənin alınması bir ay ərzində veriləcək ərizə və digər zəruri sənədlər əsasında həyata keçiriləcəkdir.
Rusiya ərazisində əcnəbi vətəndaşların müvəqqəti yaşamaq müddətini 3 aydan 6 ayadək artırmaq da planlaşdırılır.
Bundan əlavə, əcnəbilər haqqında ətraflı məlumatların əks olunacağı informasiya-miqrasiya məlumat bankı da yaradılacaqdır.