RUSİYA YIĞMA KOMANDASI SLOVENİYALILARLA “LUJNİKİ” STADİONUNUN SÜNİ YAŞIL ÖRTÜKLÜ MEYDANINDA QARŞILAŞACAQDIR
Bakı, 21 oktyabr (AZƏRTAC). Futbol üzrə 2010-cu il dünya çempionatının ilk həlledici matçı noyabrın 14-də “Lujniki” böyük idman arenasında Rusiya və Sloveniya yığma komandaları arasında keçiriləcəkdir. Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko bildirmişdir ki, həmin görüş süni örtüklü meydanda keçiriləcəkdir.
Mutko demişdir: “Matç “Lujniki” stadionunda keçiriləcəkdir. Biz ayın 14-ü üçün hava proqnozunu təhlil edərək “Lujniki”ni seçmişik. Çerkizovdakı “Lokomotiv” stadionunu nəzərdən keçirmişik, lakin iqlim şəraitini nəzərə alaraq risk etməməyi qərara aldıq və “Lujniki”ni üstün tutduq. Bu, bizim üçün ən məqbul variantdır”. Mutkonun fikrincə, “Lujniki” stadionunun süni yaşıl örtüyü şaxtalı havaya “Lokomotiv”in təbii yaşıl örtüyü ilə müqayisədə daha davamlıdır.
Rusiya Futbol İttifaqı noyabrın ortalarında Moskvada havaların soyuq keçməsini nəzərə alaraq, əvvəlcə həlledici matçı ölkənin cənubunda, məsələn Krasnodarda keçirmək variantını müzakirə etmişdir. Lakin bazar ertəsi artıq dəqiq məlum olmuşdur ki, həmin matç paytaxtda keçiriləcəkdir. RFİ-də ümid edirlər ki, noyabrın 14-də termometrin civə sütunu mənfi 15 dərəcədən aşağı enməyəcəkdir, bu isə FİFA tərəfindən müəyyən edilmiş normaya uyğundur.
Vitali Mutko həmin matça bilet satışı barədə də fikrini bildirmişdir. RFİ-nin başçısı demişdir: “Çox güman ki, biletlər Almaniya komandası ilə matç ərəfəsində olduğu qayda üzrə yayılacaqdır. Lakin biletlərin bir hissəsinin kassalar vasitəsilə satılacağı da istisna edilmir”.
Sloveniya və Rusiya yığma komandaları arasında həlledici cavab matçı noyabrın 18-də Mariborda keçiriləcəkdir.