RUSİYADA ƏCNƏBİLƏRİN İŞƏ DÜZƏLMƏSİ ASANLAŞDIRILIR
Qanun layihələrinin müəlliflərindən biri, Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin başçısı Vladimir Pligin demişdir ki, sənədlərdə “əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkədə olmasının, yaşamasının hüquqi rejiminin ümumi liberallaşdırılması nəzərdə tutulur”.
Məsələn, yeni qanuna görə, Rusiyaya vizasız qaydada gələn əcnəbi vətəndaşlar işə düzəlmək üçün icazəni ərizə verdikləri gündən 10 gün müddətində müstəqil surətdə ala bilərlər. Bundan başqa, işəgötürənlərə əcnəbi işçi qüvvəsindən istifadə üçün izacə almadan belə fəhlələri cəlb etmək hüququ verilir.
Düzəlişlərə əsasən miqrasiya kvotaları qoyulur. Bu kvotalar miqrantların təkcə sayını deyil, peşə və ixtisasını da nəzərə almağa imkan verəcəkdir. Bu da, öz növbəsində, miqrasiya axınlarını federal və regional səviyyədə tənzimləməyə imkan yaradacaqdır.
Federasiya Şurasının düzəlişləri ölkə ərazisində müvəqqəti yaşamağa icazənin rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin sayını azaldır. Bundan əlavə, müvəqqəti yaşamağa icazə verməkdən imtina edilməsinin əsasları da azaldılır. Rusiya Federasiyasının ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbi vətəndaşlar hər il yenidən qeydiyyatdan keçməkdən azad edilirlər.