RUSİYADA QUŞ QRİPİNİN YAYILMASINA QARŞI TƏDBİRLƏR GÖRÜLÜR
İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmətin məlumatına görə, quş qripinin yayılması ilə səmərəli mübarizə üçün Federal Xidmət və Yol Hərəkətinin Təhlükəsizliyi Baş İnspeksiyası “Quş qripi virusunun Rusiya ərazisində yayılmasının qarşısının alınması tədbirləri haqqında” birgə məktub imzalamışlar.
Sənəddə virusun yayılması ilə bağlı vəziyyət “son dərəcə ciddi” səciyyələndirilir və bildirilir ki, quşların yaz miqrasiyası H5N1 virusunun Rusiya ərazisinə gətirilməsinə səbəb ola bilər.
Sənəddə ölkə ərazisində nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanır. Məsələn, şübhəli zonalardakı nəzarət-buraxılış məntəqələrində dezinfeksiya sədlərinin çəkilməsinə və avtonəqliyyatın dezinfeksiyasına xüsusi diqqət yetirmək nəzərdə tutulmuşdur. Quşçuluq təsərrüfatlarında dezinfeksiya edilmiş zonaların yaradılması və kənar nəqliyyat vasitələrinin buraya daxil olmasına, karantin zonalarında dezinfeksiya edilməmiş qutuların çıxarılmasına qadağa qoyulması, nəqliyyata nəzarətin gücləndirilməsi məsləhət görülür.