Rusiyalı alimlər AMEA-nın Fizika İnstitutunda
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Rusiyanın tanınmış alimləri ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik N.Məmmədov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, elmi nəticələri haqqında məlumat verib, burada aparılan tədqiqatlardan danışıb.
Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev çıxışında kadr mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və s. kimi məsələlərə toxunub.
Daha sonra Fizika İnstitutunda qonaqların iştirakı ilə seminar keçirilib. Seminarda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak ediblər. Seminarda REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası İnstitutunun yaranma tarixi, bu günədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə elmi müəssisəyə rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki, 90 yaşı olan institutun 600-ə yaxın əməkdaşı var. S.Tixotski institutda əsasən, geoloji, seysmoloji, elektromaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar aparıldığını qeyd edib.
Seminar Yer Fizikası İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelovun çıxışı ilə davam edib.
Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.
Rusiyalı qonaqlar Fizika İnstitutunun innovasiya sektoru ilə tanış olublar. Onlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat verilib.