Rusiyalı politoloq: Qarabağ məsələsi həmişəlik bağlanıb
Moskva, 20 sentyabr, AZƏRTAC
Rusiyalı jurnalist və politoloq Aleksey Naumov bildirib ki, 2023-cü il sentyabrın 20-də Qarabağ məsələsi həmişəlik bağlanıb.
A.Naumov deyib: “Əvvəlcə, Bakı 30 il müddətində BMT Təhlükəsizlik Şurasının müsbət qətnamələrini, dövlət başçıları və beynəlxalq təşkilatların bəyanatlarını toplayaraq vəziyyətin öz xeyrinə həll edilməsini gözlədi. Bunun faydası olmadı. Sonra - 2020-ci ildə 44 gün ərzində vəziyyəti öz xeyrinə dəyişdi. Daha sonra yenə də üç il dövlət başçılarının ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatlarını toplayaraq gözlədi və Qarabağda “seçkiləri” kimin pislədiyinə baxdı. Faydası olmadı. İndi, nəhayət, bir sutka ərzində öz məqsədinə nail oldu. Bir sözlə, beynəlxalq hüquq və silah vasitəsilə sadəcə beynəlxalq hüquqla olduğundan daha çox şey əldə etmək olar”.
AZƏRTAC xəbər verir ki, postmünaqişə dövründən və Rusiyanın rolundan danışan politoloq qeyd edib ki, indi Rusiya sülhməramlıları Qarabağı tərk etmək istəyən dinc əhalinin mütəşəkkil təxliyəsini təmin edəcək.
Aleksey Naumovun proqnozlarına görə, hələ üç il əvvəl çıxarılmalı olan silahlı dəstələrin qalıqları da gedəcək. Bundan sonra Rusiya sülhməramlıları da Azərbaycanı tərk edəcək. O əlavə edib: “Hüquqi cəhətdən son müddət 2025-ci ildir, lakin hesab edirəm ki, bu, daha tez baş verəcək”.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqaz siyasətində dəyişikliklər gözlənilir. Ekspert qeyd edib: “Siyasət iqtisadiyyat ilə uyğunlaşdırılacaq: Azərbaycanla əməkdaşlıq iqtisadi və siyasi baxımdan sərfəli və daha məntiqlidir. Nizama salınmayan münaqişə şəklində ağrılı nöqtənin olmaması bu prosesi sürətləndirəcək”.
Rusiyanın Ermənistanla münasibətlərinə gəlincə, politoloq hesab edir ki, yaranmış şərait bu münasibətlərin soyumasına gətirib çıxaracaq. Ermənistan öz uğursuzluqlarına görə məsuliyyəti Rusiyanın üzərinə atmaq istəyir.
Politoloq vurğulayıb: “Tarixi perspektivdə isə münaqişənin həlli labüd olaraq Ermənistanın Azərbaycan və Türkiyə ilə iqtisadi-siyasi əməkdaşlığının inkişafına kömək edəcək və bu, bütün regionda vəziyyətə müsbət təsir göstərəcək. Qarabağ böhranının həlli labüd idi və yaxşı ki, bunun üçün cəmi bir sutka tələb olundu”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva