RUSİYALI VALİDEYNLƏR VAHİD DÖVLƏT İMTAHANININ ƏLEYHİNƏDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Konstitusiya Məhkəməsi ölkədə vahid dövlət imtahanının (VDİ) keçirilməsinin qanuniliyini yoxlayacaqdır. İmtahanın nəticələrindən narahatlıq keçirən və şagirdlərin hüquqlarının pozulduğunu güman edən bir qrup valideyn məhkəmə instansiyasına müraciət etmək niyyətindədir.
“Pravda.Ru” qəzetinin yazdığına görə, paytaxt məktəbləri məzunlarının valideynləri Konstitusiya Məhkəməsinə VDİ-nin ölkənin əsas qanununa uyğun gəlib-gəlmədiyi barədə sorğu göndərəcəkdir. Ümumrusiya Təhsil Fondunun prezidenti Sergey Komkov qəzetə müsahibəsində demişdir ki, Sankt-Peterburq və Krasnodardan da Konstitusiya Məhkəməsinə oxşar sorğular daxil olacaqdır. Onun sözlərinə görə, VDİ eksperiment şəklində keçirilir, lakin bu eksperimentdə iştirak üçün heç kəs məktəblilərin və onların valideynlərinin razılığını almamışdır. Fondun prezidentinin fikrincə, bu halda RF Konstitusiyasının 20-ci maddəsinin 2-ci bəndi pozulmuşdur.
Rusiya məktəbliləri bu il ilk dəfə VDİ-nin köməyi ilə buraxılış imtahanları vermişlər ki, bu da qeyri-kafi qiymətlərin sayının çox olması ilə nəticələnmişdir. Məzunların bir çoxu fərqlənmə attestatlarından və “qızıl” medallardan məhrum olmuşdur. Valideynlər isə bunun təqsirini VDİ-də görürlər.