DÜNYA
RUSİYANIN ACARISTAN SAKİNLƏRİ ÜÇÜN SADƏLƏŞDİRİLMİŞ VİZA REJİMİ TƏTBİQ ETMƏSİNƏ GÜRCÜSTAN RƏSMİLƏRİNİN MÜNASİBƏTİ
Xəbər verdiyimiz kimi, Rusiya “Acarıstanda yaşayan Gürcüstan vətəndaşlarının dekabrın 9-dan Rusiyaya gəlib-getməsi üçün müvəqqəti əsasda sadələşdirilmiş qayda tətbiq olunması” haqqında qərar qəbul etmiş və bu qərar Gürcüstanda birmənalı qarşılanmamışdır.
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanın Rusiyadakı səfiri Zurab Abaşidze həmin qərarı “razılaşdırılmamış və birtərəfli addım” adlandırmışdır. O demişdir ki, “viza rejiminin ölkənin bütün bölgələrinin sakinləri üçün yüngülləşdirilməsini alqışlayardı, lakin ayrıca bölgələr üçün birtərəfli və razılaşdırılmamış qərarı qeyri-məqbul hesab edir”.
Gürcüstan prezidentliyinə namizəd Mixail Saakaşvili isə demişdir ki, biz Rusiya ilə yaxşı münasibətlərimizin olmasını istəyirik. Əgər Moskva da Gürcüstanla belə münasibətlərin olmasını istəyirsə, onda bölgələr arasında ayrı-seçkiliq qoymasın. Biz Rusiya ilə mehriban qonşuluq və vizasız münasibətlərin inkişaf etdirilməsinə tərəfdarıq.