Sabirabadda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı olub
Sabirabad, 16 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təqdimat mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Qərbi Azərbaycanın minilliklər boyunca xalqımızın yaşayış məskəni olduğunu diqqətə çatdırıb. Bu torpaqların nəinki coğrafi anlamda, həm də mənəvi baxımdan hər birimizin qəlbində əvəzsiz yer tutduğu vurğulanıb. O, Qərbi Azərbaycan irsinə həsr olunan kitabın hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması aparatının elmi işçisi, kitabın həmmüəllifi Səbuhi Hüseynov bildirib ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, mədəni kimliyini, dini irsini hədəf alan sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Ermənistanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib.
Qərbi Azərbaycan İcmasının Sabirabad rayonu üzrə nümayəndəsi Musa Ramazanov vurğulayıb ki, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Qərbi azərbaycanlılar haqlarının tanınmasını və tarixi yurdlarına qayıdışının təmin olunmasını istəyirlər. Bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.
Tədbirin sonunda “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları təqdim edilib.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.