Şabranda üzüm bağlarının sahəsini min hektara çatdırmaq nəzərdə tutulmuşdur
Şabran, 18 noyabr (AZƏRTAC). Şabran rayonunun təbii iqlim şəraiti burada yüksək keyfiyyətli süfrə və texniki üzüm sortlarının yetişdirilməsinə, həmçinin emal müəssisələrinin tələbatının yerli xammal hesabına ödənilməsinə şərait yaradır. Rayondakı 400 hektara yaxın üzüm bağının 200 hektarı bar verir.
AZƏRTAC xəbər verir ki, rayonda bu ilin məhsulu üçün bağlarından ümumilikdə 709 ton üzüm yığılmışdır. Hər hektardan məhsuldarlıq orta hesabla 54 sentner olmuşdur.
Üzüm bağları daha çox Dəvəçi şəhər, Rəhimli, Ağbaş, Uzunboyad, Ağalıq və Gəndov inzibati ərazi dairələrinin ərazində salınmışdır. Rayonda üzüm bağları ümumi əkin sahələrinin 3 faizini təşkil edir. 2013-cü ildə Şabranda 5 hektara yaxın yeni üzüm bağları salınmış, hazırda Ağbaş və Gəndov kəndlərində də bu məqsədlə şum işləri aparılır. Rayon icra hakimiyyətindən verilmiş məlumata görə 2020-ci ilə qədər Şabranda üzüm bağlarının sahəsini 1000 hektara qədər artırmaq nəzərdə tutulmuşdur.
Rayonda süfrə üzümünün saxlanması üçün Gəndov kəndi ərazisində tutumu 12 min ton olan soyuducu anbar tikilib istifadəyə verilmişdir. Anbarda üzümün növündən asılı olmayaraq bir ton məhsulun bir aylıq saxlanma qiyməti 40 manatdır.
Fermerlər tərəfindən yetişdirilən texniki üzüm sortlarından üzüm və şərabçılıq məhsullarının istehsalı üçün rayonda bir neçə emal müəssisəsi tikilmişdir. Rayondakı istehsal gücü 10 min ton olan üzüm emalı müəssisəsi yenidən bərpa edilmiş, Gəndov kəndi ərazisində yeni emal müəssisəsi tikilmişdir.