Şabranın Ərəblər kəndi ilk dəfə təbii qazla təmin olunacaq VİDEO
Şabran, 21 aprel, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunun Ərəblər kəndi ilk dəfə yüksəktəzyiqli təbii qazla təmin olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin əvvəlindən kəndin qazlaşdırılmasına başlanılıb.
Ərəblər kəndində qazlaşdırma işlərinin 50 faizi tamamlanıb. Yaşayış məntəqəsində 62 abonent ilk dəfə mavi yanacaqla təmin ediləcək.
İş icraçısı Elvin İsgəndərov bildirib ki, yaşayış məntəqəsinin qazla təmin olunması üçün 6 min metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq.
Şabranın Ərəblər kəndi ilə yanaşı, Qubanın Qaraçay, Xaçmazın Bayoba, Siyəzənin Böyük Həmyə kəndlərinin də mavi yanacaqla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Tikinti işləri yekunlaşdıqdan sonra bu kəndlərdə yaşayan ümumilikdə 200-ə yaxın abonent mavi yanacaqdan istifadə edəcək.
Qeyd olunan kəndlərdə qazlaşdırma işləri aprel ayında başa çatdırılacaq.