Sabunçu rayonunda keçirilən seminar “Vərəm haqqında biliklərimizi artıraq” mövzusuna həsr olunub
Bakı, 29 yanvar, AZƏRTAC
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda seminar keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAÇ) Sabunçu rayon bölməsinin və Azərbaycan vərəm əleyhinə QHT Koalisiyasının dəstəyi ilə keçirilən tədbirdə rayon qadınlar təşkilatının üzvləri, tibb bacıları, həkimlər, kitabxana və məktəb nümayəndələri, eləcə də vərəmə yoluxan və uğurlu müalicə alan xəstələr iştirak ediblər.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, AzQAÇ-ın Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova digər təşkilatlarla əməkdaşlıq çərçivəsində sağlamlıq sahəsində həyata keçirilən tədbirlər barədə danışıb.
AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının əlaqələndiricisi Mətanət Qaraxanova Dünya Səhiyyə Təşkilatını narahat edən qlobal vərəmin və xüsusilə də onun dərmanlara davamlı formasının yayılması, təşkilatın son strateji planına əsasən 2030-cu ilədək vərəmə son qoymaqla bağlı dünya ölkələri qarşısında duran öhdəliklər və hədəflər barədə geniş məlumat verib. O, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, eləcə də AzQAC-ın vərəm sahəsində apardığı fəaliyyət barədə ətraflı danışıb.
“Sağlamlığa Xidmət” İctimai Birliyinin əlaqələndiricisi Samirə Məmmədova xəstəliyin yoluxma yolları, müalicə və profilaktikası haqqında təqdimatla çıxış edib və seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb. O, qeyd edib ki, vərəmə yoluxanlar arasında ayrı-seçkiliyin qarşısının alınması xəstəliyin sağalma hallarının artmasında mühüm rol oynayır.
İctimai Birliyinin sədr müavini Pərvanə Vəliyeva və AzQAÇ-ın miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva vərəmlə mübarizə sahəsində aparılan tədbirlərdən danışıblar.
Seminarda vərəmlə bağlı maarifləndirici sosial videoçarx və “Qışın isti nəfəsi” adlı qısametrajlı bədii filmi nümayiş olunub.